Amerika və yeni dünya nizamı (Newtimes.az)

Newtimes.az - Analytical Information

A A Plus Minus

Amerika və yeni dünya nizamı

Bakı, 18 fevral 2013 – Newtimes.az

ABŞ-ın vitse-prezidenti Jozef Baydenin ifadə etdiyi – İranın nüvə probleminin həlli üçün açılan “diplomatiya qapısı”nın yenidən bağlanması[i] – fikri ilk baxışda sadə görünsə də onun sətiraltı mənası Amerikanın xarici siyasətinin mahiyyəti haqqında siyasətşünasları ətraflı düşünməyə vadar edir. Bu bəyanatın “soyuq müharibə”dən sonra Amerikanın hazırkı inkişaf tendensiyasını mühafizə edə bilmək üçün zəruri olan “supergüc” və yaxud “imperiya” dövləti mövqeyinin qorunub saxlanmasına xidmət etdiyi açıq-aşkardır.

Belə bir siyasi xəttin seçimi ötən əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edir. Məsələ burasındadır ki, ata Buş və Klinton administrasiyaları ölkənin siyasi gücünü iqtisadi maraqların qorunmasına səfərbər etməyə çalışaraq, yeni, mahiyyətcə fərqli bir imperiyanın yaranmasına təkan vermiş oldular. Nəticədə, Amerikada özünütəcrid siyasətin yenidən gündəmə gətirilməsinə baxmayaraq, bu nə “güc” məfhumunun həyata keçirilməsinə, nə də beynəlxalq sistemin struktur dəyişikliyinə mane ola bilmədi. Dünya siyasətində Amerikanın gücünü tarazlaşdıra bilən ikinci bir qüvvənin olmaması isə sistemin strukturunda təkqütblülük amilini möhkəmləndirmiş oldu. ABŞ-ın yeni əsas prioritetləri Bjezinskinin[ii] vurğuladığı üç elementi özündə ehtiva edir:

Amerikanın dünya səviyyəsində hakim gücünü həyata keçirə bilməsi;

Avrasiya məkanında nəzarətin təmin edilməsi;

nəhayət Amerika dəyərlərinin bütün dünyada yayılması.

Oğul Corc Buşun 2000-ci ildə prezident seçilməsindən sonra hakimiyyətin təsir rıçaqlarının neo-konservatorların ixtiyarına keçdi və ABŞ-ın xarici siyasətində “müdaxiləçi” meyllər daha da güclənməsinə səbəb oldu. 2002-ci ilin sentyabr ayında Təhlükəsizlik Şurasında İraq ətrafında kəskin müzakirələrin başladığı bir vaxtda formalaşmaqda olan Buş doktrinası beynəlxalq təşkilatların çərçivələrdən uzaqlaşmağı və daha çox “gücün hüququ”nu nəzərdə tuturdu. BMT xartiyasının 51-ci maddəsindən irəli gələn legitim müdafiə hüququnun doktrinada daha çox “preventiv müharibə” anlayışı kimi təqdim və şərh olunması,  gələcək perspektivdə İraqın potensial təhdid törədəcəyi halda hərbi müdaxilənin həyata keçirilməsi (mart 2003) Buş doktrinasının mahiyyətindən xəbər verirdi. Bu isə “güc” siyasətinin həm məqsəd, həm də vasitə qismində rəhbər tutulduğunu sübut edir. Əlbəttə belə bir siyasət ABŞ-ın dünya dövlətləri arasındakı, xüsusilə müsəlman aləmindəki nüfuzuna böyük zərbə vurmuş oldu. Fransız tədqiqatçısı Emmanuel Toddun[iii] qeyd etdiyi kimi Vaşinqtonun xarici siyasəti, onun hegemonluğuna müqavimət göstərən, Avrasiyada onun diktəsinin güclənməsinə qarşı çıxan Rusiya ilə müəyyən gərginlik səviyyəsinin saxlanmasını hədəfləyirdi. Digər tərəfdən, ABŞ öz gücünü əyani şəkildə nümayiş etdirmək və neft amili üzərində nəzarətini saxlamaq üçün zəif müsəlman ölkələrini tədricən hərbi müdaxilə meydanına çevirirdi.

Əslində ABŞ yeganə “supergüc” dövlətidir,  onun qüdrəti isə bilavasitə hərbi və iqtisadi amillərlə bağlıdır:

İngilis tədqiqatçısı, Kil Universitetinin professoru Bülent Gokay[iv] yazır ki, ABŞ-ın xarici siyasətinin təyin edilməsində ümumdünya valyutası rolunu oynayan dollar mühüm əhəmiyyət kəsb edir. Bu isə Amerikanın enerji məsələlərinə niyə xüsusi diqqət yetirdiyini qismən izah edir. Dünyada bütün neft transaksiyalarının dollar ilə həyata keçirildiyi məlumdur. Bu o deməkdir ki, Amerika mərkəzi bankı sadəcə pul kəsməklə neft ala bilər. Halbuki digər ölkələr bunun üçün istehsal sayəsində əldə etdikləri qazancın bir hissəsini xərcləməyə məcburdurlar. Çünki, onlar istehsal məhsullarını daha çox dollar əldə etmək üçün satırlar. Bu isə öz növbəsində dollara olan tələbatı artırır, məcburi şəkildə inamı gücləndirir və Amerikanın istehlak tələbatının ödənilməsinə kömək edir.

ABŞ eyni zamanda qaz resurslarına, onların ixrac marşrutlarına da xüsusi maraqla yanaşır. Yeni qaz OPEC-inin yaradılması, Rusiya ilə İranın gələcək transaksiyaları avro ilə ödəmək istəkləri Vaşinqtonu kəskin narahat edir. Bu onun qaz ixracatı məsələlərinə marağını artırmış, İranı təcrid etmək istəyini gücləndirmişdir. Emmanuel Todd qeyd edir ki, “ABŞ-ın strateji marağı bundan sonra dünya resurslarını siyasi nəzarətdə saxlamaqdır”. Demokratik dəyərlərin qorunması isə sadəcə bir vasitəyə çevrilir.

Eyni zamanda dünya ölkələrinin mərkəzi bankları, neft fondları, suveren ehtiyat fondları öz valyuta ehtiyatlarını daha çox dollarla saxlayırlar. Xarici ölkələrdə yığılan dollar ehtiyatı da Amerikaya xeyir gətirir. Nobel mükafatı laureatı, iqtisadtçı Jozef Stiqlitz[v] yazır ki, həmin valyutanı qazanc üçün ABŞ mərkəzi bankının səhmlərinə 4% gəlirlə yatıran ölkələr sonradan həmin dolları daha böyük faizlə kreditə götürürlər. Bu da Amerikanın dünya iqtisadiyyatında tutduğu yeri və rolu göstərməklə yanaşı ona hərbi sahədə xərcləri təmin etməyə və geosiyasi maraqlarını qorumağa imkan verir. Bəzi tədqiqatçılar iddia edirlər ki, neftin qiymətinin artması güclənməkdə olan Çin Xalq Respublikasının valyuta ehtiyatlarının həcminə mənfi təsir göstərir və daxildə inflyasiyaya səbəb olaraq istehsal olunan malların qiymətinin artmasına, nəticədə isə ABŞ-da maya dəyəri daha baha olan malların rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır.

Bülent Gokay haqlı olaraq sual verir ki, ABŞ-ın İraqa hərbi müdaxiləsi məhz Bağdadın 6 noyabr 2000-ci il tarixində neft transaksiyalarını dollar ilə deyil, məhz avro ilə edəcəyini elan etməsi ilə bağlıdırmı? Əgər bu belədirsə İranın eyni istəyi onun daha da təcrid edilməsinə, ən pis halda isə hərbi müdaxiləyə məruz qalmasına səbəb olmayacaqmı?

Belə bir kontekstdə Barak Obamanın hakimiyyətə gəlməsi dəyişikliklər vəd etsə də, hər hansı mahiyyət dəyişikliyinin olmaması ABŞ-ın hegemon mövqeyini zəifləməsi haqqında deyilənlərin inandırıcı təsir bağışlamamasına gətirib çıxarır. Amerika hələ normal dövlətə çevrilməyə hazır deyil.

ABŞ həqiqətənmi Madlen Olbraytın dediyi kimi dünya sabitliyinin “zəruri milləti” – dir yoxsa sadəcə öz iqtisadi maraqlarını qorumağı hədəfləyən  hərbi-siyasi “güc”dür. Təsadüfi deyil ki, ABŞ ətrafında formalaşan yeni dünya nizamı daha çox hərbi gücün tətbiqinə əsaslanan siyasi təfəkkürün məhsuludur.

Newtimes.az


[i] Azeri-Press Information Agency (APA), 5 fevral 2013-cü il.

[ii] Zbigniew BRZEZINSKI – Le grand échiquier: l’Amérique et le reste du monde, Paris, Bayard, 1997.

[iii] Emmanuel TODD – Après l’empire: essai sur la décomposition du système américain, Paris, Gallimard, 2002.

[iv] Bulent GOKAY – L’Irak, l’Iran et la fin du pétrodollar, Le grand soir, le 25 mai 2006.

[v] Joseph STIGLITZ – La Grande Désillusion, Paris, Fayard, 2002.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s